Gələcəyinizi özünüz idarə edin!
June 13, 2022
Mentor Maral Qurbanzadə, menti Fəridə Qaracayeva
“Qadınlar STEM-də” layihəsi STEM sahəsində özünüinkişafa maraqlı qadınlar üçündür.
BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi "Qadınlar STEM-də" layihəsi ölkəmizdə bu sahəyə maraqlı olan xanımlara özünüinkişaf imkanı verməklə yanaşı, sözügedən biliyə malik qadınları bir araya gətirir, onlara bacarıqlarını bir-biri ilə bölüşməyə, mənəvi dəstək olmağa şərait yaradır. Mentor Maral Qurbanzadə və menti Fəridə Qaracayevanın da yolları bu layihədə kəsişib.
Maral Qurbanzadə “Qadınlar STEM-də” layihəsinə ona gələcəkdə iş birliyi və gənc nəsillə işləmək imkanı yaratmaq baxımından faydalı hesab etdiyi üçün qatılıb. Bununla yanaşı peşəkar təcrübəsini daha çox xanımla paylaşmaq, onlara yaxından dəstək göstərmək niyyətindədir. O, 2012-ci ildə BDU-nun Hüquq fakültəsini, 2018-ci ildə “Leiden” Universitetinin LİACS İnstitutunun Media texnologiyaları (İnsan-Robot ünsiyyəti) ixtisasını bitirib. 2008-2014-cü illərdə beynəlxalq qeyri-hökumət D&G institutlarında və daha sonra qlobal markaların KSM təşəbbüslərində çoxsaylı layihələrin icraçısı, koordinatoru və meneceri kimi fəaliyyət göstərib. 2014-2016-cı illərdə Azərbaycan Beynəlxalq Bankında Analitik CRM şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda rəqəmsal texnologiyaların yenilikçi tətbiqi ilə “insan-robot” qarşılıqlı əlaqəsini, etik AI, süni agentlərin hüquqi şəxsiyyəti və mövcud çərçivələrini araşdırmaqla məşğuldur. Eyni zamanda, Ritual Teatr üçün robot layihəsi üzərində işləyir.
Menti Fəridə Qaracayeva bu layihədə iştirakını həyatının uğurlu qərarlarından biri hesab edir.
22 yaşlı Fəridə Qaracayeva Xəzər Universitetinin Mexanika mühəndisliyi ixtisasını bitirib, hazırda Azərbaycan Texniki Universitetində magistratura təhsili alır. Eyni zamanda, “ATEF Şirkətlər Qrupu”nda mühəndis texnoloq vəzifəsində çalışır. O, “Qadınlar STEM-də” layihəsində həm yeni bilik və bacarıqlar, həm də geniş çevrə qazandığını deyir.
Fəridə bu layihə və mentoru sayəsində STEM layihələrinə xas olan işin səmərəli planlaması üzrə texnika və alətlər, məqsədlərin qoyulması, vaxtın idarəedilməsi, tələbələrlə ünsiyyətin idarə olunması, layihələrin hazırlanması və büdcə ilə iş üzərində çalışmalar, SWOT analizinin aparılması kimi bilik və bacarıqlara yiyələnib. “Həyatımdakı məqsədləri daha da dəqiqləşdirməyə, planlı şəkildə addım atmağıma mentorumun çox böyük dəstəyi oldu. Hazırda vaxtımdan səmərəli şəkildə istifadə edirəm, şəxsi və peşəkar inkişafıma daha çox zaman ayırıram”- deyə, təəssüratlarını həvəslə bölüşən Fəridə burada əlaqələrini genişləndirib yeni dostlar qazana bildiyi üçün də layihənin həyatına qatdığı faydadan məmnundur.
Gələcəyinizi özünüz idarə edin!
Həm öyrədən, həm öyrənən tərəfdaşlar gənc, həmçinin təcrübəli xanımlara çağırışlar edərək, layihədən yararlanmağa səsləyirlər. Bir sözlə, sosiallaşmaqdan qorxmayın, çətinlikləri birgə aşa biləcəyiniz çevrə qazanın, gələcəyinizi özünüz idarə edin və ən əsası güclü olun!