Maliyyələşmə və icra
Maliyyələşmə və icra
BMT-nin İnkişaf Proqramının (BMTİP) 1992-ci ildən bəri Azərbaycanda inkişaf layihələri üçün xərclədiyi maliyyə vəsaitlərinin ümumi məbləği 190 milyon ABŞ dollarını ötür.
BMTİP-in əsas maliyyələşmə tərəfdaşlarından olan Azərbaycan Hökuməti insan inkişafının dəstəklənməsi üçün eyni müddət ərzində BMTİP-in proqram sahələrinə 90 milyon ABŞ dollarından yuxarı vəsait ayırmışdır.
BMTİP ilə Avropa İttifaqı (Aİ) arasında Azərbaycanda, eləcə də MDB və Avropa regionunda uzunmüddətli və sağlam tərəfdaşlıq mövcuddur. Bu, islahat və inkişaf fəaliyyətlərində birgə iştirakda özünü büruzə verir və nəticədə bu regionda hər il ümumi dəyəri 90 milyon avroya yaxın olan orta hesabla 20-25 layihə ərsəyə gəlir.
2000-ci illərin əvvəllərində Avropa İttifaqı BMTİP-in Azərbaycanda əsas maliyyələşmə tərəfdaşlarından birinə çevrildi və o vaxtdan etibarən BMTİP-in layihələrinin maliyyələşdirilməsinə 20 milyon ABŞ dollarından artıq vəsait ayırıb.
BMTİP-in donor yardımlarına arxalandığı, strateji baxımdan əhəmiyyətli fəaliyyət sahələrindən biri iqlim dəyişikliyinə qarşı mübarizə və təbii fəlakət risklərinə cavab tədbirləridir. Bu baxımdan, Qlobal Ətraf Mühit Fondu (GEF) və BMTİP-in Ətraf Mühit üzrə Tematik Məqsədli Fondu (TTF) dayanıqlı inkişaf üçün ekoloji maliyyələşdirmənin stimullaşdırılmasında vacib yol oynayır. Bu günə qədər bu fəaliyyət sahəsinə yardım qismində 32.8 milyon ABŞ dollarından yuxarı vəsait ayrılıb.
BMTİP-in Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərdiyi 26 ildən artıq müddət ərzində geniş spektrli digər donorlardan, o cümlədən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), İsveçrə Hökuməti, Koka-Kola Fondu və digərlərindən maliyyə dəstəyi alıb. Onlar qadınlara, gənclərə və digər sosial baxımdan həssas qruplara xüsusi diqqət yetirməklə Azərbaycanın kənd ərazilərinin sosial-iqtisadi göstəricilərinin yaxşılaşdırılması istiqamətində BMTİP-lə müxtəlif birgə layihələr üçün təqribən 8.5 milyon ABŞ dolları təmin edib.
Biz maliyyə vəsaitlərimizi necə əldə edirik və onları nəyə xərcləyirik?
Azərbaycanın son onillikdə sürətli inkişafı nəticəsində adambaşına düşən gəlir kəskin dərəcədə artaraq 2015-ci ildə 6560 ABŞ dollarına çatıb. Nəticədə, Dünya Bankı Azərbaycanı artıq yuxarı-orta gəlirli ölkələr qrupuna daxil edib. Ölkənin gəlirlərinin artmasına mütənasib şəkildə, BMTİP-in baş qərargahı Ölkə Nümayəndəliyinə ayrılan əsas resursların məbləğini azaltmışdır. Bu səbəbdən, BMTİP-in Azərbaycan Nümayəndəliyi öz strategiyasını dəyişərək, inkişaf layihələri üçün maliyyə mənbəyi kimi çıxış etmək əvəzinə, daha az əsas resurslardan istifadə edərək öz layihələri üçün əlavə, qeyri-əsas resurslar cəlb edir. Həqiqətən də, artıq BMTİP-in Azərbaycandakı layihələrinin böyük hissəsi kənar donorlar, o cümlədən beynəlxalq maliyyələşmə agentlikləri və Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilir. 2020-ci ildən sonrakı dövrdə ölkə proqramı üçün maliyyələşmənin böyük hissəsini, eləcə də əsas büdcəni könüllü ianə kimi artıq yuxarı-orta gəlirli ölkə olan Azərbaycanın təmin edəcəyi gözlənilir.
Hazırda BMTİP layihələri üçün ayrılan maliyyələşmənin ən böyük hissəsi Avropa İttifaqı, Qlobal Ətraf Mühit Fondu və Azərbaycan Hökuməti tərəfindən təmin edilir. Layihələrimizin daha kiçik hissəsi isə digər donorlar, o cümlədən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Koka-Kola Fondu, Yaşıl İqlim Fondu və digər maliyyələşmə tərəfdaşları tərəfindən təmin olunur.
BMTİP-in proqramlarına maliyyə vəsaiti ayıran donorların sayı və müxtəlifliyi milli hökumətin, beynəlxalq və yerli ictimaiyyətin bizim dayanıqlı inkişaf üçün üstünlük verilən tərəfdaş kimi rolumuza olan inamını təsdiq edir.