Bakı, 19 aprel 2021 - Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda müasir, innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı istiqamətində yeni üçillik layihəyə başlayır. Avropa İttifaqının layihə üçün ayırdığı 3 milyon avro məbləğində vəsait siyasətlərin hazırlanması prosesləri, yerli inkişaf və sosial innovasiyalar üzrə məsələlərdə vətəndaş cəmiyyəti təşkilatlarının iştirak imkanlarını artırmağa kömək edəcək.
Layihə ilə bağlı bugünkü onlayn açılış tədbiri 50-dən çox yerli vətəndaş cəmiyyəti təşkilatı (VCT), sosial müəssisələr və fəal icma qruplarını bir araya gətirib.
Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas açılış nitqində “Avropa İttifaqı, tərəfdaşı olan Azərbaycanı, özünün modernləşdirmə səylərində dəstəkləməyə davam edir. Aİ təcrübəsi göstərir ki, müasir cəmiyyət qurmaq - yalnız insan kapitalının inkişafına tam dəstək verildiyi, sosial sahibkarlıq vasitəsilə vətəndaş cəmiyyətinə imkanlar yaradıldığı, eləcə də vətəndaş təşəbbüslərini təşviq edən zaman mümkün olur” deyə bildirib.
“VCT-lər müsbət dəyişiklikləri təşviq edəcək güclü müttəfiqlərdir və onlar, 2030-cu il Gündəliyinin həyata keçirilməsində mərkəzi rol oynaya bilərlər. Dünya miqyasında qadınların səlahiyyətləndirilməsi, iqlim dəyişikliyi, KOM-ların böyüməsi və əhalinin həssas qruplarına COVID-19 pandemiyası ilə mübarizəsində dəstək olması kimi bir sıra əsas inkişaf sahələrində sosial sahibkarlığın artan rolunu müşahidə edirik və məhz bu layihənin qeyd edilən səy və təşəbbüsləri dəstəkləyəcəyinə və tamamlayacağına inanırıq”, BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti tədbirdə qeyd edib.
Önümüzdəki aylarda layihə, vətəndaş cəmiyyəti təşkilatları üçün ehtiyaclara müvafiq olaraq və müxtəlif istiqamətli təlim proqramları, həmçinin kiçik qrant imkanları təşkil etməyə dəstək olacaq.
Layihə Avropa İttifaqı tərəfindən tam maliyyələşdirilir və 2023-cü ilə qədər davam edəcək.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.