Baş Katibin Yeddinci Qlobal Bakı Forumuna mesajı.
Mesaji oxudu: BMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru Miryana Spolyariç Eqqer
“Yeni Xarici Siyasət”
--
Bakı, 14-16 mart 2019
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yeddinci Qlobal Bakı Forumunun təşkili üçün təşəkkür edirəm.
Dünyamız bir paradoksla qarşılaşır: çətinliklər bir-biri ilə əlaqəli olduğu halda onların həllinə yönəlmiş səylər əlaqəsizdir. Ekoloji təhlükə və silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik və dözümsüzlüyə qarşı çoxtərəfli əməkdaşlığa hər zamankından daha çox ehtiyac var. Lakin, sadə dildə desək, bu kifayət deyil. Biz, insanların qorxu və narahatlıqlarına cavab vərən həll yollarını səfərbər etdiyimizi və hamıya yararlı olan ədalətli qloballaşmanı yaratdığımızı göstərməliyik. Birləşmiş Millətlər Təşkilatı hər gün sülhməramlı fəaliyyətdən humanitar yardıma, insan hüquqların qorunmasından dayanıqlı inkişafın təşviqinə aid məsələlərlə məşğul olur.
Gördüyümüz bütün yaxşı işləri məhv edə biləcək bir potensial təhlükə mövcuddur - iqlimin korlanması. İqlim sürətlə dəyişir. Onu yavaşlatmaq üçün göstərdiyimiz səylər yetərli deyil. Bu qlobal problemin həlli məqsədilə səyləri artırmaq üçün sentyabr ayında Nyu-Yorkda iqlim hərəkatı ilə bağlı sammit təşkil edəcəm. Həyəcan təbilini çalmaq və iqlim hərəkatı imkanlarını vurğulamaq işində sizin dəstəyinizə güvənirəm.
Digər çoxtərəfli qurumlar, regional təşkilatlar, vətəndaş cəmiyyəti, özəl sektor və başqa tərəfdaşlarla əməkdaşlıq çox zəruridir. Bu tərəfdaşlıq ruhunda, dialoqa sadiqliyinizi alqışlayır və məhsuldar görüş keçirməyinizi arzu edirəm.