Çıxış üçün hazırlanıb
BMT-nin 2019-cu il Dövlət Xidmətləri Forumu
3-cü seminar: “Səmərəli və məsuliyyətli dövlət qurumlarının formalaşdırılması”, BMT-nin İnkişaf Proqramı və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) birgə təşkilatçılığı ilə.
Məkan: 3 nömrəli konfrans zalı, 2-ci mərtəbə (Heydər Əliyev Mərkəzi)
14:30 - 16:00 |
1-ci sessiya. Açılış sessiyası: 2030-cu il Gündəliyinin icrası və DİM-lərə nail olunmasında səmərəli, inklüziv və məsuliyyətli dövlət qurumlarının rolu |
Hörmətli cənab/xanım (ASAN nümayəndəsinin adı - təsdiqlənməli), xanım Severino, d-r Papuaşvili, zati-aliləri, xanımlar və cənablar!
Günortanız xeyir! Bakı şəhərinə və UNDESA-nın dəstəyilə BMTİP tərəfindən təşkil olunmuş "2030-cu il Gündəliyinin icrasında və DİM-lərə nail olunmasında səmərəli, inklüziv və məsuliyyətli dövlət qurumlarının rolu" mövzusunda sessiyamızın iştirakçılarına salamlarımı çatdırıram.
Düşünə bilərsiniz ki, sessiyanızın adı çox uzundur. Lakin sizi əmin edirəm ki, biz hamımız 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istəyiriksə, o zaman səmərəli, inklüziv və məsuliyyətli dövlət qurumlarının mövcudluğu son dərəcə yüksək əhəmiyyət daşıyır.
Səmərəli, inklüziv və məsuliyyətli dövlət qurumlarının roluna həsr olunmuş bu seminarda biz dinc və inklüziv cəmiyyətlər üçün səmərəli və məsuliyyətli qurumları təşviq edən və digər bütün DİM-lərə nail olmaq üçün vacib, əlverişli faktor kimi çıxış edən 16-cı DİM-ə yaxından nəzər salacağıq.
Hörmətli həmkarlar, biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Süni intellekt, blokçeyn, koqnitiv hesablama, robotexnika, nanotexnologiyalar, üçölçülü və dördölçülü çap, virtual, artırılmış və qarışıq reallıq, qabaqcıl rəqəmsal köməkçilər, sürücüsüz nəqliyyat vasitələri, müasir genetik texnologiyalar və “Əşyaların İnterneti” kimi inqilabi texnologiyaların hamısı qurumların daha səmərəli, inklüziv və məsuliyyətli olması üçün onların dəyişdirilməsi yolu ilə vətəndaşlarımızın həyatının yaxşılaşdırılması məqsədilə istifadə olunmalıdır. Rəqəmsal və informasiya imkanlarına sərmayə qoyan hökumətlərin uğurlu transformasiyaya nail olmaq ehtimalı digərləri ilə müqayisədə 3.5 dəfə daha yüksəkdir.
Ötən il Kopenhagendə keçirilmiş 18-ci Beynəlxalq Anti-Korrupsiya Konfransında BMTİP-in Rəhbəri Axim Ştaynerin qeyd etdiyi kimi, "Yeni texnologiyalar ehtiyatla idarə edilərsə, yeni açıq və birgə idarəçilik nəsli təmin edə bilər". Bununla yanaşı, hamımız bilməliyik ki, yeni texnologiyalar etik qaydada istifadə edilmədikdə vətəndaşlara mənfi təsir göstərə bilər.
Lakin bu, hökumətin səmərəli olması üçün kifayət etmir. Hökumətlər şəffaf, məsuliyyətli və korrupsiyadan uzaq olmalıdır. Korrupsiya keyfiyyətli xidmətlərin əlçatanlığını azaldır, dövlət qurumlarına ictimai etimadı azaldır və dayanıqlı inkişaf, sülh və təhlükəsizliyi sarsıdır.
İndi isə hamınıza korrupsiyanın dağıdıcı nəticələrini xatırlatmaq istərdim: Ümumdünya İqtisadi Forumun hesablamalarına əsasən, korrupsiya qlobal ÜDM-in 5%-nə (2.6 trilyon ABŞ dolları) bərabərdir və hər il 1 trilyon ABŞ dolları məbləğində vəsait rüşvət olaraq verilir. İƏİT-in məlumatına əsasən, korrupsiya biznes fəaliyyətlərinin xərclərini orta hesabla 10 faizədək artırır.
Avropa və Mərkəzi Asiyada hər üç vətəndaşdan biri hesab edir ki, korrupsiya onların ölkəsinin üzləşdiyi əsas çətinliklərdən biridir. "Transparency İnternational" təşkilatının “Qlobal Korrupsiya Barometri” sorğusuna əsasən, əhalinin 53%-i hesab edir ki, hökumətlər dövlət sektorunda korrupsiya ilə mübarizə sahəsində yaxşı nəticələr əldə etmir; hər 5 vətəndaşdan 3-ü isə hesab edir ki, zəngin fərdlər hökumətin qərarlarına həddindən artıq lüzumsuz təsir göstərir. Özəl sektor da bu baxımdan istisna deyil - vətəndaşların 26%-i hesab edir ki, şirkətlərin rəhbər şəxsləri yüksək dərəcədə korrupsiyalaşıb. Bununla yanaşı, insanların korrupsiya barədə şikayət etməməsinin əsas səbəbi onların bunun mümkün nəticələrindən qorxmasıdır.
Korrupsiyanın özü ilə gətirdiyi çoxsaylı çətinliklərin fonunda, BMTİP Avropa və Mərkəzi Asiyadakı milli hökumətlərə öz dövlət idarəçiliyi və anti-korrupsiya mexanizmlərinin gücləndirilməsində köməklik göstərib. Buna nümunə olaraq qeyd etmək istərdim ki, BMTİP Avropa və MDB regionunda "bir pəncərə" tipli mərkəzlərin yaradılması və vacib xidmətlərin , məsələn, şirkətlərin və daşınmaz əmlakın qeydiyyatı, vətəndaşlara pasportların, lisenziyaların, icazələrin və daha şəffaf və əlçatan hökumət məlumatlarının verilməsinin rəqəmsallaşdırılması, dövlət satınalmalarının yenidən qurulması və əmlak və maraqların bəyan edilməsi sistemlərinin kağız formadan elektron formaya keçirilməsi vasitəsilə dövlət xidmətlərinin daha yaxşı təqdim edilməsi istiqamətində milli maraqlı tərəflərlə birgə çalışmışdır.
Biz yalnız paytaxt şəhərlərdə deyil, həm də yerli səviyyələrdə tədbirlər görürük. Məsələn, biz Avropa və MDB regionunda korrupsiya risklərini yumşaltmaq üçün korrupsiya riski üzrə qiymətləndirmələrin aparılması və bu nəticələr əsasında dürüstlük üzrə tədbirlər planlarının hazırlanmasında bələdiyyələrə köməklik göstərmişik.
Biz tərəfdaşlarımızla birlikdə həm də özəl və dövlət mülkiyyətində olan şirkətlərdə biznes dürüstlüyünün gücləndirilməsinə səy göstəririk. Bu yolla biz korrupsiya cinayətinin tələb tərəfini hədəfə alır, məsuliyyətli və etik biznes təcrübələrini təşviq edirik.
Korrupsiya həmçinin dövlət xidmətlərinin daha təkmil şəkildə təqdim olunması yolu ilə önlənə bilər. Bu məqsədlə, biz dövlət sektorunun səmərəliliyinin, şəffaflığının və hesabatlılığının artırılması üçün İKT-dən istifadəyə şəraitin yaradılmasında regionda bir sıra hökumətlərlə işləyirik və elektron xidmətlər BMTİP-in yardımının mühüm bir hissəsini təşkil edir. BMTİP-in, e-hökumət həllərinin köməyilə ölkələrin dövlət sektorunun potensialının artırılması sahəsindəki uzunmüddətli səyləri nəticəsində regionda xeyli qabaqcıl təcrübə, praktika və öyrənilmiş dərslər toplanmışdır.
Azərbaycandakı ASAN Xidmət bu qabaqcıl nümunələrdən biridir və dövlət xidmətlərinin səmərəli və şəffaf şəkildə təqdim olunması üçün "bir pəncərə" tipli həll yolu kimi çıxış edir. Qeyd etməkdən qürur duyuram ki, BMTİP bu Dövlət Agentliyi ilə uğurlu əməkdaşlıq tarixçəsinə malikdir. Bizim əməkdaşlığımıza milli vətəndaş rəyi sisteminin yaxşılaşdırılması və İSO sertifikatlaşdırma təcrübəsi üçün potensialın gücləndirilməsinin yaxşılaşdırılması daxildir. İllər ərzində biz bir sıra təlim proqramları, o cümlədən xidmətlərin çatdırılmasında gender aspektlərinə həssas yanaşma üzrə bir sıra təlimlər keçirmiş, təlim səfərləri təşkil etmiş, ASAN-ın fəaliyyətləri barədə uğur hekayələri dərc etməklə Azərbaycan və digər ölkələr arasında təcrübə mübadiləsinə kömək etmişik. Buna Cənub-Cənub Əməkdaşlıq çərçivəsi, eləcə də ASAN modelinin BMTİP-in Nyu-Yorkdakı qərargahında təqdim olunması vasitəsilə nail olunmuşdur.
BMTİP heç kəsi kənarda qoymadan hər kəsin ehtiyaclarını qarşılayan səmərəli, məsuliyyətli və inklüziv qurumların formalaşdırılması üçün dövlət idarəçiliyinin və anti-korrupsiya mexanizmlərinin gücləndirilməsində ölkələrə dəstək göstərməyi öhdəsinə götürmüşdür. İnnovativ, şəffaf və məlumatlara söykənən yanaşmalar vasitəsilə biz korrupsiyanın yaratdığı çətinlikləri aradan qaldıra, şəffaflığı, hesabatlılığı və dürüstlüyü yaxşılaşdıra və bütün DİM-lər üzrə irəliləyişi sürətləndirə bilərik.
Hörmətli xanımlar və cənablar! Yekun olaraq, tədbirimizə qoşulduğunuza görə sizə təşəkkür edir, sizi seminarlarımızda fəal iştirak etməyə çağırıram.
Sizə təşəkkür edir, uğurlu tədbir arzu edirəm!