Aytən İsmayılova: Bu, şərəfli işdir və mən bununla fəxr edirəm
Qadın minatəmizləyənlər danışır...
4 March 2024
“Mənim adım Aytəndir və mən Azərbaycanda ilk minatəmizləyən qadınlardan biriyəm”. Ölkənin şimal-qərbində yerləşən Qazax rayonundan olan gənc Aytən İsmayılova öz təəssüratlarını bölüşür.
Aytən 2023-cü ilin noyabrında Bakıda ANAMA, Avropa İttifaqı (Aİ), BMTİP və digər qurumların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilmiş mərasimdə sertifikat alan 18 yeni təlim keçmiş minatəmizləyən qadından biridir. Mina Məsləhət Qrupunun (MAG) beynəlxalq ekspertləri tərəfindən keçirilmiş nəzəri və praktiki təlimlər sayəsində qadın minatəmizləyənlərdən ibarət ilk qrup minaların və partlamamış hərbi sursatların tanınması, aşkarlanması və işarələnməsi üçün əsas bilik, bacarıq və tələb olunan davranış, habelə ilk yardımın göstərilməsi qaydalarına yiyələnib.
“Səhərlər hamı özü ilə məşğul olarkən mən çəkmələrimi təmizləyirəm. Heç vaxt peşman olmamışam, inadkar biriyəm və sonadək getməyi sevirəm. İşimi sevirəm deyə hər çətinliyin öhdəsindən gəlirəm.”
Aytən danışarkən gördüyü işdən və ölkəsinə verdiyi töhfədən qürur duyduğu gözə çarpır.
“Ailəm həmişə hərbidə olub. Mən onların, atamın və qardaşımın, babamın və nənəmin yolunu davam etdirmək istəyirdim. Əmimi müharibədə itirmişəm, əmim oğlu Laçında mina partlayışı nəticəsində xəsarət alıb. ANAMA-nın qadın minatəmizləyənləri işə götürdüyünü ilk eşidəndə ailəmə müraciət etmək istədiyimi bildirdim. Bu qərarımda atam məni dəstəklədi, digərləri buna razı olmadı, anam əmim oğlu ilə baş verən hadisəyə görə bunu istəmirdi. Düşünürdülər ki, mən bu işdən əl çəkəcəyəm. Sertifikat alarkən anam şəklimi paylaşaraq mənimlə fəxr etdiyini yazdı”.
Beləliklə, ekoloq olan Aytən minatəmizləyən olmaq üçün təlimlərə başladı, çünki ailə üzvləri kimi həmişə hərbiyə meyilli idi.
“Əvvəlcə çox çətin idi. Həyəcanlı idim, amma asan gəlmirdi. Keçdiyimiz davamlı təlimlər sayəsində öz işimi ən yaxşı şəkildə yerinə yetirmək üçün özümü getdikcə daha inamlı hiss edirəm”.
Ailəsinin münasibəti ilə bağlı suala Aytən belə cavab verir: “Bilirlər ki, mən həmişə özümə yeniliklər axtarışındayam. Seçimimi başa düşdülər və mənə dəstək oldular”.
Aytənin paraşütlə tullanma kimi təcrübəsi də var. O, qrupda piyada əleyhinə mina aşkar etmiş ikinci fərddir.
Aytən Azərbaycanda ilk olan bu təşəbbüsün əhəmiyyətinin fərqindədir. "Mən bu fürsətə görə minnətdaram. Bu, şərəfli bir işdir və mən bununla fəxr edirəm".
24 nəfərdən ibarət 2 minalardan təmizləmə qrupu, o cümlədən 18 qadın minatəmizləyən, 2 səhiyyə işçisi, 2 qrup rəhbəri və 2 qrup rəhbəri müavini Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi" layihəsi çərçivəsində akkreditasiyadan keçib.
Ceyhun Ələkbərov, BMTİP Azərbaycan