Səmayə Əhmədli: Atam qərarımı dəstəklədi, mənə dayaq oldu
Qadın minatəmizləyənlər danışır...
7 March 2024
Səmayə əslən Ağdamdandır. O, altı il coğrafiya müəlliməsi kimi fəaliyyət göstərib, həmişə hərb sahəsinə marağı olub, qardaşı da hərbçidir, müharibə iştirakçısıdır.
Səmayə 2023-cü ilin noyabrında Bakıda ANAMA, Avropa İttifaqı (Aİ), BMTİP və digər qurumların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilmiş mərasimdə sertifikat alan 18 yeni təlim keçmiş minatəmizləyən qadından biridir. Mina Məsləhət Qrupunun (MAG) beynəlxalq ekspertləri tərəfindən keçirilmiş nəzəri və praktiki təlimlər sayəsində qadın minatəmizləyənlərdən ibarət ilk qrup minaların və partlamamış hərbi sursatların tanınması, aşkarlanması və işarələnməsi üçün əsas bilik, bacarıq və tələb olunan davranış, habelə ilk yardımın göstərilməsi qaydalarına yiyələnib.
“İşə çox böyük həvəslə başladım, sanki mükafatlandırılacaqdım. Bu işdə soyuqqanlı olmalısan, qorxu hissim yoxdur.”
Səmayə danışarkən çox fərəhlənir, müəllimə işlədiyi məktəbdəki yoldaşlarının onun minatəmizləyən olmasını gözləmədiklərini, indi fəaliyyətini maraqla izlədiklərini deyir.
“Ailəm əvvəlcə razı deyildi, ancaq atam qərarımı dəstəklədi, mənə dayaq oldu. Anam məni xüsusi geyimdə görməyə alışmamışdı, indi bunu rahat qəbul edir. O, hələ də bir qədər narahatdır, mənimlə mütəmadi əlaqə saxlayır”.
Səmayə əvvəlcə çətinlik çəkib, əsasən isti havalarda günəşin altında çalışmaq ona çətin gəlib, daha sonra isə buna alışıb: “Həmişə dərim ağ və həssas olub, günəşdən qaçırdım, amma burada qaraldım”, - deyə zarafat edir.
Səmayə Azərbaycanda ilk olan bu təşəbbüsün bir parçası olmaqdan qürur duyur.
"İstəyirəm ki, Böyük Qayıdışda mənim də payım olsun. Biz öz torpaqlarımızda çalışırıq".
24 nəfərdən ibarət 2 minalardan təmizləmə qrupu, o cümlədən 18 qadın minatəmizləyən, 2 səhiyyə işçisi, 2 qrup rəhbəri və 2 qrup rəhbəri müavini Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi" layihəsi çərçivəsində akkreditasiyadan keçib.
Ceyhun Ələkbərov, BMTİP Azərbaycan