Nərmin Mustafayeva: Ana torpağımız gülüstan olsun deyə bu peşəni seçdim
Qadın minatəmizləyənlər danışır...
26 August 2024
“Həyat belə gətirdi ki, həyat yoldaşımla yollarımız ayrıldı, uşaqlarımla anamgilə gələsi oldum. Qızım Nilufərin 5 yaşı var. O, məktəbəqədər hazırlığa gedir. Böyük oğlum Məmmədin 14 yaşı var. Liseydə oxuyur deyə indi bizdən uzaqda qalır. Hazırda qızımla birlikdə məcburi köçkün qəsəbəsində, anamgildə qalırıq. Torpaqlar minalardan təmizlənəndən sonra biz də öz doğma yurdumuza qayıdacağıq”.
Nərmin Mustafayeva minaaxtarandır. Peşəsi minalarla çirklənmiş ana torpağı təmizləməkdir. İşə ehtiyacı olduğu üçün internetdə qarşısına çıxan qadın minaaxtaran vakansiyası ilə maraqlanıb. Çətin peşə olsa da elə bu işlə məşğul olmağa qərar verib. Bu, elə də çətin olmayıb, amma anası narahat qalıb. Nərmin Layihəyə müraciət edib, imtahan verib. İndi seçilərək belə vacib layihənin bir hissəsi olduğu üçün xoşbəxtdir.
“Təsadüf elə gətirdi ki, qadın minaaxtaranlar qrupunda ilk minanı elə mən tapdım. Bu məni çox qürurlandırdı. Bu hadisədən sonra mənə qarşı münasibət də dəyişdi, ətrafım mənimlə fəxr elədi, baxmayaraq ki, əvvəldə anam həm də qohumlarım bu çətin işlə məşğul olmağıma razı deyildi”.
Nərminin əsas vəzifəsi torpağa basdırılmış minaları və digər hərbi sursatları aşkar etmək və mina zərərsizləşdirən komandaya təhvil verməkdir. Ümumiyyətlə, qadın minaaxtaranlar qrupu olaraq, Nərmin və həmkarları minalarla çirklənmiş ərazilərin təmizlənməsində aktiv iştirak edib.
“Bu, həm də mənim ilk işimdir. İlk qazancımı da minaaxtaran kimi əldə etmişəm. Bu qazancla artıq ailəmin ehtiyaclarını qarşılaya bilirəm. Layihəyə qoşulduğum gündən bir il keçir. Əldə etdiyim qazancla avtomobil aldım, ailədə işimiz yüngülləşdi”.
Nərmin anadır. O, ana torpağın harayına gəlib ki, onu bətnindəki yad cisimlərdən azad etsin, ana torpaq təmiz olsun, gülüstan olsun!
Ceyhun Ələkbərov, BMTİP Azərbaycan