“Silk Way Flavor Fest: Baku Edition” beynəlxalq aşpazlıq yarışı başa çatıb

24 July 2024
a group of people standing around a table

Bakı, 23 iyul 2024-cü il. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, “WorldSkills Azerbaijan” İctimai Birliyi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə 17-19 iyul 2024 tarixlərində “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışı 20 iyul tarixində qaliblərin təltif edilməsi ilə başa çatıb.

Müsabiqəyə ölkəmizin təmsilçiləri ilə yanaşı, Qazaxıstan və Özbəkistandan olan gənclər də daxil olmaqla, ümumilikdə 8 iştirakçı qatılıb və yarış zamanı, 5-i beynəlxalq olmaqla, toplam 8 ekspert qiymətləndirmə sessiyasında iştirak edib.

Yarışda birinci yeri ölkəmizin təmsilçisi Kamal Ağayev, ikinci yeri Qazaxıstandan olan Aleksandra Kolpakova və Özbəkistan nümayəndəsi Nazənin İsrailova, üçüncü yeri isə Azərbaycan təmsilçisi Rüfət Zeynalov və Özbəkistandan olan iştirakçı Müştəriy Həsənova tutub.

Təltifetmə mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rüfət Tağızadə, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Slobodan Tadiç və Qazaxıstanın ölkəmizdəki səfirliyinin əməkdaşları da daxil olmaqla, bir sıra rəsmi qonaqlar iştirak edib.

Qeyd edək ki, ümumilikdə 16-20 iyul 2024 tarixlərini əhatə edən bu yarışın əsas məqsədi cari ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışlarına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına və təşviqinə töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Sözügedən yarış “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbirdir. Müsabiqə çərçivəsində ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi etməklə bu sahədə bir ilkə imza atıb.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbul olması ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

 

Əlaqə üçün məlumat:

Ceyhun Ələkbərov, BMTİP-nin Azərbaycandakı rezident nümayəndəsinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri – jeyhun.alakbarov@undp.org 

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycandakı səfirliyində mətbuat və informasiya rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıb. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.